Tarix boyu haqq dini təbliğ edən peyğəmbərlər və onların yolunu davam etdirən möminlər müxtəlif maneələr, iftiralar və təzyiqlərlə qarşılaşmışlar. Quranda bildirildiyi kimi, bu düşmənçiliyin arxasında çox vaxt rəhbərlərin siyasi güclərini, iqtisadi imtiyazlarını və mövqelərini itirmək qorxusu, eləcə də cəmiyyətlərin ağlını işlətmək əvəzinə atalarının yolunu sorğulamadan davam etdirməsi dayanır.

Allah Quranda keçmiş qövmlərin başına gələnləri və möminlərə qarşı qurulan tələləri təfərrüatlı şəkildə xəbər verərək, bunların hər dövrdə möminlər üçün təkrarlanan bir imtahan olduğunu bildirir.

 

Peyğəmbərlərin dövründə yaşamış Firon Quranda haqq dinə qarşı çıxanların psixologiyasını, davranışlarını və istifadə etdikləri üsulları ən aydın şəkildə təmsil edən simalardan biridir. Onun timsalında Allahın yoluna mane olmağa çalışanların ortaq xüsusiyyətləri və son aqibəti göstərilir.

 

Bu yazıda Quran ayələri işığında Fironun xarakterik xüsusiyyətləri, eləcə də bu xüsusiyyətlərin tarix boyu haqq dinə qarşı göstərilən düşmənçilikdə necə təkrarlandığı təhlil edilir. Həmçinin möminlərin belə maneələr qarşısında necə səbirli və qətiyyətli olmalı olduqları Qurandan nümunələrlə izah olunur.

 

Allah Tövbə surəsinin 9-cu ayəsində haqq dinin yayılmasına mane olmağa çalışan insanlar haqqında belə xəbər verir:

“Onlar az bir dəyər (fani dünya malı) müqabilində Allahın ayələrini satdılar. Sonra da (insanları) Allahın yolundan döndərdilər. Onların etdiyi əməllər necə də pisdir!” 
(Tövbə surəsi, 9)

Ayədəki “az bir dəyər müqabilində satdılar” ifadəsi onların şəxsi mənfəət naminə Allahın ayələrini gözardı etdiklərini və insanları Onun yolundan uzaqlaşdırmağa çalışdıqlarını göstərir.

 

Quranda həmçinin bildirilir ki, möminlər belə maneələr və iftiralar qarşısında səbirli olmalı, Allaha təvəkkül etməli və Onun köməyinə arxalanmalıdırlar:

”… Onlar, təkzib edilmələrinə və əziyyətə məruz qalmalarına rəğmən səbir etdilər və nəhayət, Bizim köməyimiz onlara gəlib çatdı.…” (Ənam surəsi, 34)

Quran ayələrində tarix boyu möminlərin üzləşdiyi imtahanların oxşar olduğu bildirildiyi kimi, onlara mane olan və düşmənçilik edənlərin də eyni xüsusiyyətlərə malik olduqları xəbər verilir:

(Onların halı,) Firon camaatı və onlardan əvvəlkilərin halı kimidir. Onlar Bizim ayələrimizi yalanladılar. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın cəzası şiddətlidir. (Ali İmran surəsi, 11)

Yuxarıdakı ayədə bəhs edilən Firon təkcə tarixi bir şəxsiyyət deyil. Quranda təsvir edilən davranışları, danışıq tərzi və münasibəti ilə o, iman edənlərə düşmənçilik edənlərin ortaq xarakterini təmsil edir. Fironun Quranda bildirilən başlıca xüsusiyyətləri bunlardır:

İman edənlərə zülm etməsi

Vaxtilə sizə əzabın ən şiddətlisini verən Firon əhlindən sizi xilas etdik. Onlar sizin oğlanlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən (sizin üçün) böyük bir imtahan vardı. (Əraf surəsi, 141)

Məqamını itirmək qorxusu və inadkarlıq

Onlar dedilər: “Bizi atalarımızın yolundan döndərəsiniz və yer üzündə hökmranlıq ikinizə qalsın deyəmi gəldiniz? Halbuki biz sizə iman edəsi deyilik”. (Yunis surəsi, 78)

Təkəbbürlü və zalım olması

Firona və onun əyanlarına. Ancaq onlar təkəbbürləndilər. Onlar özlərini üstün tutan bir qövm idi. (Muminun surəsi, 46)

Təkəbbürlü, ayrı-seçkilik salan və zalım olması

Firon öz torpağında (Misirdə) azğınlıq edərək oranın əhalisini zümrələrə ayırmışdı. O, onlardan bir qövmün (İsrail oğullarının) oğlan uşaqlarını boğazlayıb qadınlarını sağ buraxaraq onları alçaldırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi. (Qəsas surəsi, 4)

Önmühakiməli olması və söz başa düşməməsi

(Firon) dedi: “Bəs sizin Rəbbiniz kimdir, ey Musa?” Musa dedi: “Bizim Rəbbimiz hər şeyə öz xüsusiyyətini verən, sonra da doğru yolu göstərəndir”. (Firon:) “Elə isə bəs əvvəlki millətlərin halı necə olacaq?” - dedi. Musa dedi: “Onların məlumatı Rəbbimin dərgahındakı bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim əsla xəta etməz və əsla unutmaz!” (Taha surəsi, 49-52)

İnkar etməsi, ittiham etməsi və alçaltma

Musa açıq-aşkar möcüzələrimizlə onların yanına gəldiyi zaman onlar: “Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan da bu barədə bir şey eşitməmişik”, - dedilər. (Qəsas surəsi, 36)

İman edənləri dəlilikdə ittiham etməsi və həbs ilə təhdid etməsi

(Firon) dedi: “Sizə göndərilən elçi, həqiqətən, dəlidir!” Musa: “Əgər ağlınızı işlətsəniz, (bilərsiniz ki,) O, şərqin, qərbin və ikisi arasında olan hər şeyin Rəbbidir!” - dedi. (Firon) dedi: “Əgər məndən başqasını ilah qəbul etsən, səni mütləq həbs edəcəyəm!” (Şuəra surəsi, 27-29)

Xəyali ittihamlarla ictimai rəy formalaşdırması

(Firon) belə dedi: “Ey Musa! Etdiyin sehrlə bizi yurdumuzdan çıxartmaq üçün gəldin? (Taha surəsi, 57)

Zülmünə dəstək olmayanlara zülm etməsi

Sehrbazlar isə səcdəyə qapandılar. Onlar dedilər: “Aləmlərin Rəbbinə iman etdik,Musa və Harunun Rəbbinə!” Firon dedi: “Mən sizə icazə vermədən ona iman etdiniz? Şübhəsiz ki, bu, əhalisini çıxartmaq üçün şəhərdə qurduğunuz bir hiylədir. Siz (başınıza gələcək şeyləri) biləcəksiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək, sonra da hamınızı hökmən çarmıxa çəkdirəcəyəm!” (Əraf surəsi, 120-124)

Etdikləri üzündən ölkəsinin fəlakətlər və bəlalarla əhatə olunması

Biz də ayrı-ayrı möcüzələr olmaqla onlara tufan, çəyirtkə, həşərat, qurbağalar və qan göndərdik. Yenə də onlar təkəbbürləndilər və günahkar bir qövm oldular. (Əraf surəsi, 133)

 

Fironun zülmünün zirvəsində olarkən həlak edilməsi

Firon uzun illər Hz. Musanı haqq yoldan döndərə və onun insanları haqq dinə dəvət etməsinə mane ola bilmədi. Açıq-aşkar dəlillərə baxmayaraq inkarda israr etməsi isə onun kinini və qəzəbini daha da artırdı.

 

Hz. Musanın və onunla birlikdə iman edənlərin hicrət etdiyini öyrəndikdə isə bunu hakimiyyətinə qarşı açıq meydan oxuma hesab etdi. Onları tamamilə məhv etməklə mübarizəyə son qoyacağını düşünərək bütün ordusunu səfərbər etdi və qalib gələcəyinə əmin idi.

 

Lakin Fironun dərk etmədiyi mühüm bir həqiqət var idi. O, başqaları üçün tələ qurduğunu zənn edirdi, halbuki Allah onu addım-addım öz aqibətinə doğru aparırdı. Təkəbbürü, zülmü və korlaşmış qəzəbi nəticəsində Firon Allahın onun üçün təyin etdiyi sondan qaça bilmədi. Quranda bu hadisə belə xəbər verilir:

Firon şəhərlərə (əsgər) yığanlar göndərdi. (Və belə dedi:) “Həqiqətən, bunlar az saylı bir tayfadır. Onlar bizi qəzəbləndirdilər. Biz isə, əlbəttə, gözüaçıq bir camaatıq!” Beləcə, onları (Firon və ordusunu) bağlardan və bulaqlardan çıxartdıq. Xəzinələrdən və dəyərli yerdən (çıxartdıq). Beləcə, İsrail oğullarını oraların varisi etdik. (Firon və ordusu) günəş doğarkən onların arxasınca düşdü. İki dəstə bir-birini gördüyü zaman Musanın yanındakılar: “Həqiqətən, onlar bizə çatacaqlar!” – dedilər. (Şuəra surəsi,53-61)

İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onları izlədilər. Nəhayət, Firon boğularkən dedi: “Mən İsrail oğullarının inandığı ilahdan başqa bir ilah olmadığına iman etdim. Mən də müsəlmanlardanam!” İndimi (iman etdin)? Halbuki daha əvvəl (Allaha) üsyan etmişdin və fitnə-fəsad törədənlərdən idin. (Yunis surəsi, 90-91)

 

Fironun xarakteri və hekayəsi yalnız keçmişə aid deyil

Fironun həyatı və qurduğu nizam təkcə tarixdə yaşamış zalım bir hökmdarın hekayəsi deyil. Quranda nəql edilən bu hadisələr insanın təkəbbür qarşısında necə korlaşdığını, güc və məqamın onu necə zülmə sürüklədiyini göstərir.

 

Firon sahib olduğu hakimiyyətin onu xilas edəcəyini düşündü. İnsanları qorxu, təzyiq və hiylə ilə susduraraq həqiqətin qarşısını ala biləcəyinə inandı. Lakin sonda aydın oldu ki, insan nə qədər güclü görünsə də, Allahın iradəsi qarşısında acizdir və Onun hökmündən qaça bilməz.

Fironun ən diqqətçəkən xüsusiyyətlərindən biri də ona dəfələrlə açıq-aşkar dəlillər göstərilməsinə baxmayaraq, həqiqəti qəbul etməməsidir. Çünki problem məlumat çatışmazlığı deyil, təkəbbür idi. Firon həqiqəti gördüyü halda onu qəbul etmək istəmədi.

 

Bu gün də eyni münasibət davam edir. Mənfəətlərinə görə həqiqəti görməzliyə vuranlar, iman edənlərə zülm edənlər və Allah adına ortaya çıxdıqlarını iddia etsələr də, davranışları ilə insanları Onun yolundan uzaqlaşdıranlar hər dövrdə mövcud olmuşlar.

 

Digər tərəfdən, Fironun qurduğu nizam ilk baxışda güclü görünürdü. Onun orduları, xəzinələri, sarayları və itaəti altında olan insanlar var idi. Hz. Musanın yanında isə sayca az və zahirən zəif görünən bir mömin dəstəsi vardı. Lakin Fironun aqibəti göstərdi ki, nəticəni müəyyən edən say, güc və ya məqam deyil, Allahın köməyidir. Dənizin sahilində möminlər çarəsiz qaldıqları anda Allah onlara yol açdı, Firon isə ən çox güvəndiyi qüvvələri ilə birlikdə həlak oldu.

 

Fironun boğularkən iman etdiyini deməsi də son dərəcə ibrətamizdir. O, həyatı boyu həqiqəti inkar etmiş, insanlara zülm etmiş və özünü ilah kimi təqdim etməyə çalışmışdır. Lakin ölümlə üz-üzə qaldıqda həqiqəti qəbul etmək məcburiyyətində qalmışdır. Ancaq həmin anda etdiyi iman etirafı ona heç bir fayda verməmişdir. Çünki Allah qatında dəyərli olan, ölüm qorxusu ilə məcburən deyilən sözlər deyil, insanın həyatı boyu səmimiyyətlə göstərdiyi iman və təslimiyyətdir.

 

Bu qissənin ehtiva etdiyi digər mühüm hikmət isə möminlərə çətinlik və sınaq dövrlərində səbirli olmağı öyrətməsidir. Allah xəbər verir ki, peyğəmbərlər və onlara iman edənlər çox vaxt ağır təzyiqlərlə üzləşmiş, yalanlanmış və müxtəlif əziyyətlərə məruz qalmışlar. Lakin bütün bunlara baxmayaraq, onlar səbir etmiş, Allaha təvəkkül etmiş və haqq yoldan dönməmişlər. Quranda bildirilən: ”… Onlar, təkzib edilmələrinə və əziyyətə məruz qalmalarına rəğmən səbir etdilər və nəhayət, Bizim köməyimiz onlara gəlib çatdı.…” (Ənam surəsi, 34) ayəsi möminlərin haqq uğrunda mübarizə apararkən qarşılaşdıqları çətinliklərin ilahi imtahanın bir hissəsi olduğunu göstərir.

 

Allah istədiyi zaman ən möhkəm görünən nizamları bir anda alt-üst edə, ən güclü sistemləri gözlənilməz şəkildə çökdürə bilər. Buna görə də möminə düşən ümidsizliyə qapılmaq deyil, səbirlə Allaha təvəkkül edərək haqq yolda qətiyyətlə dayanmaqdır.

 

Nəticə etibarilə, Quranda bəhs edilən Firon xarakteri təkcə keçmişdə yaşamış bir hökmdarı deyil, həqiqət qarşısında təkəbbür göstərən, öz gücünə arxalanan və insanları Allahın yolundan uzaqlaşdırmağa çalışan düşüncə tərzini təmsil edir. Hz. Musanın mübarizəsi isə möminlərin qətiyyətini, səbirini və Allaha olan sarsılmaz etibarını nümayiş etdirir. Tarix boyu dəyişməyən həqiqət budur: Hiylə və zülm üzərində qurulan nizamlar nə qədər güclü görünsə də, sonda qalib gələn həmişə Allahın vədi və haqq olmuşdur.